772 19.07.2023
Əvvəllər azərbaycanlıların ən sevdiyi şəhərlər sırasında Riqa ilk yerdə idi. Bugün də Riqaya gedənlər və ya getmək istəyənlər az deyil.
Köhnə şəhər
Köhnə Riqa Latviya paytaxtının ən qədim hissəsi və mərkəzi, turistlərin sevimli istirahət və əyləncə yeridir. 1997-ci ildə Riqanın tarixi hissəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Köhnə Riqa üçün müxtəlif tipli tikililər səciyyəvidir, binaların çoxunun mədəniyyət abidəsi statusu var. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir. Köhnə şəhərin arxitekturasında müxtəlif istiqamətlər – romantika və qotika, barokko və klassisizm üslublarında tikililər, modernizm nümunələri əks olunub. Latviyanın müstəqilliyi bərpa olunandan sonra onun tarixi simasını bərpa etmək üçün Köhnə şəhərdəki binaların çoxunda yenidənqurma işləri aparılıb, yaxud onlar yenidən inşa olunub.
Köhnə Riqanın küçə və meydanlarında hər zövqə uyğun çoxsaylı otel, restoran və kafelər yerləşir.
Bastion təpəciyi
Riqanı mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Verman bağı, Kronvald Ziyedondarzs Parkı və bir çox digər bağlar şəhər landşaftının bəzəyidir. Şəhərin ən gözəl parklarından biri Basteykalns və ya Bastion təpəciyidir.
Basteykalnsın dar cığırları, kölgəli xiyabanları, daş döşənmiş bağı və şəlalələr kaskadı Riqanın ən mənzərəli gəzinti yerlərindən biridir. Park düz Köhnə şəhərin yanında yerləşir. Onun əsrarəngiz mənzərələri uzun əsrlərdir riqalıların gözünü və ruhunu oxşayan cənnətməkandır.
Əslinə baxılırsa, parkın qalan ərazisi üzərində bir qədər ucalan Bastion təpəciyi insan əməyinin bəhrəsidir. Basteykalnsda bir necə səviyyədə xiyabanlar salınıb. Bu xiyabanlardan biri ilə təpəciyin başına çıxmaq, skamyada oturub qürub çağına və şəhərin arxayın həyatına tamaşa etmək, digəri ilə bütün parkdan keçib onun səfalı yerlərindən zövq almaq olar.
Təpəcikdən aşağı doğru şəlalələr kaskadı yerləşir. Parkda bir neçə abidə ucalır, insanların rahat istirahəti üçün hər addımbaşı skamyalar qoyulub.
Park boyunca şəhər kanalı axır, kanalın üzərindən daş körpülər salınıb. Onların bəziləri çox gözəl işıqlandırılıb.
Burada böyük ördək dəstələri toplaşır, tez-tez qu quşlarını görmək olar. Bəxtiniz gətirsə, parkın ən qeyri-adi sakinləri – qunduzlarla qarşılaşa bilərsiniz. Hava yaxşı olanda kanalda çay tramvayında və ya qayıqda üzmək olar. Körpü düz parkın yanında yerləşir.
İlin hər fəslində Bastion təpəciyində qələbəlikdir, lakin payızda buranın bir ayrı ab-havası var. Otelimiz düz Basteykalnsın qarşısında yerləşir. Rəngarəng yarpaqlardan ibarət qalın xalı üzərində addımlamaq adama ləzzət edir.
Mərkəzi bazar
Riqanın Mərkəzi bazarı təkcə yerli sakinləri deyil, turistləri də cəlb edir. Bazar Köhnə şəhərin yaxınlığında, Dauqava (Qərbi Dvina) çayının sahilində yerləşir.
Mərkəzi bazarın yaradılmasının zəruriliyi Riqa Ratuşasında hələ 1909-cu ildə müzakirə edilib. Tikinti işlərinə 1924-cü ildə başlanıb. Hazırda bazarda pavilyon kimi istifadə olunan binalar Riqanın simasının ayrılmaz hissəsinə və unikal əlamətinə çevrilib. Lakin bu tipli tikililər əvvəlcə Almaniya ordusunun hava gəmiləri – “zeppelinlər” üçün anqarlar kimi Kurzyomda və Vaynededə inşa edilib. Pavilyonların altında beton zirzəmilər - 2 hektar ərazidə keçidi 337 metr olan yeraltı şəhərcik salınıb. 1938-ci ildə 27 dondurucu kamerada çəkisi təqribən 310 min kiloqram olan 33 növ mal yerləşdirmək mümkün idi. Üç yeraltı tunel kanalın sahilinə çıxışlarla birləşdirilmişdi. Malları yuxarı yük liftlərində qaldırırdılar.
1930-cu ildə Riqada Mərkəzi bazarın təntənəli açılışı olanda o, nəinki Avropanın ən iri, həm də ən yaxşı və müasir bazarı sayılmışdı. Köhnə şəhərlə vahid məkan təşkil edən bazarın ərazisi 1997-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Burada ilboyu nə desən – geniş çeşiddə təzə balıq, qənnadı məmulatı, meyvə-tərəvəz, bal, qoz-fındıq və sair və ilaxır almaq olar.
Payızda piştaxtalar yerli fermerlərin məhsulları, habelə meşə giləmeyvələri və göbələklərlə dolu olur. Geniş çeşiddə hisə verilmiş balıqlara da diqqət yetirin. Belə balıq məhsullarını uzaq məsafəyə daşımaq üçün vakuumlu qablaşdırmadan istifadə etmək olar.
Riqa Mərkəzi bazarında keyfiyyətli məhsul almaqla bərabər, Latviyanın ənənələri, qidalanma və ticarət mədəniyyəti barədə zəngin təəssürat əldə etmək olar.
Riqa Motor Muzeyi
Riqa Motor Muzeyində Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük kolleksiyası təqdim olunub.
Muzeyin ekspozisiyası müasir texnoloji həllər və multimedia vasitələri ilə hadisələr, insanlar və avtomobillər barədə maraqlı interaktiv söhbətdir.
Riqa Motor Muzeyi yenidənqurmadan sonra nəinki gözəl sərgi otaqlarına, rahat və abad əraziyə, həm də yeni və müasir ekspozisiyaya sahib olub.
Muzeyin 4 min kvadratmetrdən çox sahəsi olan ekspozisiyası üç mərtəbədə yerləşir. Burada Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük və çoxplanlı kolleksiyalarından biri – 100-dən çox unikal avtomobil və motosiklet təqdim edilib. Ekspozisiya unikal nəqliyyat vasitələri, tanınmış şəxsiyyətlər və əhəmiyyətli tarixi hadisələr haqqında maraqlı söhbətdir.
Sərgi barədə məlumat müasir dizaynın, müxtəlif multimedia vasitələrinin köməyi ilə təqdim edilir. Ziyarətçilər müxtəlif interaktiv tədbirlərdə iştirak edə bilərlər. Müasir tərtibatda təqdim edilmiş tarixi texnika ilə tanışlıq Riqa Motor Muzeyinə ekskursiyanı maraqlı və unudulmaz hadisəyə çevirir.
Ziyarətçilərin özlərini rahat hiss etmələri və muzeylə ətraflı tanış olmaları üçün burada uşaqlar üçün oyun zonasında interaktiv tədbirlər, bələdçinin müşayiəti ilə maarifləndirici ekskursiyalar, kafe və suvenir mağazası kimi geniş çeşiddə xidmətlər təqdim olunub.
Riqa zooparkı
Riqanın ən yaşıl rayonunda – Mejaparkda 1912-ci ildən Riqa zooparkı yerləşir. Bura uşaqların və böyüklərin istirahəti üçün əla yerdir. Gölün yaxınlığında, şam ağaclarının kölgəsində darıxmadan bir neçə saat dincəlmək olar. Zooparkın girəcəyində ziyarətçiləri dünyanın müxtəlif dillərində, o cümlədən Azərbaycan dilində “Riqanın zoologiya bağına xoş gəlmisiniz!” sözləri ilə salamlayan bilbord qarşılayır.
Zoopark ilboyu işləyir. Bura ilin hər fəslində maraqlıdır. Zoopark 11 nömrəli tramvayın dayanacağının yüz metrliyindədir.
Zooparkdakı heyvanlarla rahat tanış olmaq üçün bir neçə cığırdan birini seçmək lazımdır. Zooparkın lap girəcəyində tünd çəhrayı rəngli qızılqazların volyeri və məzəli suitilər olan kanal yerləşir. Sol tərəfdə Yeni Zelandiyadan gətirilmiş kazuar adlı parlaq rəngləri olan quş, sağ tərəfdə Şimal maralları məskunlaşıb.
Su quşlarına geniş ərazi ayrılıb. Ayrı-ayrı volyerlərdə yırtıcı quşlar, o cümlədən qriflər, kondorlar və çoxsaylı bayquş növləri saxlanılır.
Ekzotik heyvanlar – begemotlar, zürafələr, ipə-sapa yatmayan kenqurular zooparkın ən uzaq guşəsində məskunlaşıb. Döyüşkən lemurlar və oynaq surikatlar ziyarətçilərdə heyranlıq hissi doğurur. Pələnglər öz ərazilərində əzəmətlə dolaşır, ayılar isə əksinə ziyarətçilərin diqqətini cəlb etməyə çalışır.
Xüsusi mikroiqlimin yaradıldığı tropik meşədə cürbəcür həşəratlar və sürünənlər dolaşır, hovuzda timsahlar üzür. Riqa zooparkı suda-quruda yaşayanların sanballı kolleksiyasına malikdir. Bütün ekspozisiyalarla rahat tanış olmaq üçün təqribən 3-4 saat vaxt lazımdır.
Gəzinti gəmiləri
Riqanın tarixi mərkəzinə çay gəzintisi zamanı tamaşa etmək, şəhərin siluetini Dauqavadan seyr etmək istəyirsinizsə, gəzinti gəmilərinin birinin xidmətlərindən istifadə edə bilərsiniz. Məsələn, Riqa kanalında “Riga by Canal” gəmiləri hərəkət edir.
Ən qocaman gəminin - “Darling”in 100 yaşı var, “Maria”, “Rebeka” və “Laima” adlı digər gəmilər onun nümunəsi əsasında inşa edilib. Gəmilərin quruluşu, onların suda rahat və ahənglə üzməsi şəhərin ən populyar görməli məkanları ilə tanışlığa şərait yaradır. Gəmilər körpüdən Bastion təpəciyinə doğru yola düşür. Gəzinti təqribən bir saat çəkir.
“Riga Sightseeing”
Digər paytaxt şəhərlərdə olduğu kimi, Riqada da ikimərtəbəli turizm avtobusları işləyir. Belə avtobuslar vasitəsilə ekskursiya şəhərin əsas görməli məkanları ilə qısa müddətdə tanış olmağın rahat və ucuz vasitəsidir.
Ekskursiya iştirakçılarına 10 dildə audiobələdçilər təqdim olunur, habelə iki gün ərzində avtobusdan “Hop on - Hop off” sistemi ilə istifadə imkanı verilir. Yeddi əsas, on iki əlavə dayanacağı olan marşrut şəhərin 50-dən çox diqqətəlayiq məkanını, o cümlədən Köhnə şəhərin məşhur panoramını, Riqa qəsrini, Dauqava üzərindəki körpüləri, bulvarları və modern arxitekturanı, Mərkəzi bazarı, Riqa limanını və bir çox digər məkanları görmək imkanı yaradır.
19.07.2023
Bakı Turizm Peşə Məktəbi 2023-2024-cü tədris ili ü&ccedi...
04.10.2022
CNN Türk portalının Antalya Mədəniyyət və Turizm Departamentinə i...
20.10.2022
Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava l...